Daha bir rayonda “ASAN xidmət” açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Bildirilib ki, Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall” yaradılıb.
Fasadların tərtibatında ən müasir alman texnologiyasından istifadə edilib.
Kürdəmir “ASAN Həyat” kompleksində videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati və kinoteatr binalarının hər birində 1 lift, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, generator, UPS quraşdırılıb.
“ASAN Həyat” kompleksi Kürdəmir rayonunun Atakişili kəndinin cənub-şərq hissəsində inşa edilib. Kompleksin ərazisində 100 avtomobil üçün parklama yeri yaradılıb. Vətəndaşların istirahəti üçün geniş park, uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları, o cümlədən kinoteatr və kafe istifadəyə verilib.
Diqqətə çatdırıldı ki, mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Kompleksdəki regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.
“ASAN Həyat” kompleksinin tərkibində sayca 4-cü “ABAD Food Hall”un fəaliyyətə başlaması nəzərdə tutulur. Burada ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil ediləcək.
Dövlətimizin başçısı mərkəzin açılışını edib.
Bildirilib ki, fəaliyyətə başladığı vaxtdan “ASAN xidmət” mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib. Həmçinin qeyd edildi ki, indiyədək xarici ölkə vətəndaşlarına elektron qaydada 1 milyon 964 min viza verilib. Təhlillər göstərir ki, Azərbaycana gələn turistlər əvvəlki dövrlərlə müqayisədə ölkəmizdə daha çox qalırlar.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Məlumat verilib ki, Ağıllı sürücülük imtahanı sistemi sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir. Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir. Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır.
Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə “ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb. Platforma hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir. Eyni zamanda, bu platforma “ASAN xidmət” əməkdaşları barədə də bütün məlumatları bir yerə cəmləməklə, onların performanslarını qiymətləndirməyə, analitik təhlillər aparmağa və vətəndaş-dövlət xidməti–dövlət qulluqçusu münasibətlərini vizuallaşdırmağa imkan verir.
Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verildi. Qeyd edildi ki, bu portal dövlət satınalmalarının vahid platforma üzərindən elektron mühitdə həyata keçirilməsinə imkan verən platformadır. Portalın əsas məqsədi satınalma prosesinin təkmilləşdirilməsi və operativliyin artırılması, eyni zamanda, prosesin təşkili zamanı dövlət–özəl sektoru əməkdaşlığının təmin edilməsidir. Satınalma prosesinin bütün mərhələləri - tenderin elan edilməsi, təkliflərin qəbulu və qiymətləndirilməsi, müqavilələr və hesab-fakturaların formalaşması tamamilə elektron mühitdə həyata keçirilir. Həmçinin satınalma prosesinin sürətlə aparılması üçün müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya həyata keçirilib. Platformanın yaradılması satın alan və podratçı tərəfindən xərclərin azalması ilə bərabər, beynəlxalq reytinqlərdə də ölkəmizin mövqeyinin yaxşılaşmasına təsir edəcəkdir.
Tanışlıq zamanı dövlətimizin başçısına “ASAN Tranzit” Sistemi barədə də ətraflı məlumat verilib. Bildirildi ki, bu sistem ölkəyə daxil olan tranzit yük avtomobillərinin qanunvericilikdə mövcud olan ödənişləri (vergi, rüsum və s.) əvvəlcədən ödəməsinə imkan verən və məlumatları real vaxtda müvafiq informasiya sistemlərinə ötürən platformadır. Dövlət sərhədinə yaxınlaşmadan öncə avtomobilin sürücüsü və ya avtomobilin qeydiyyatda olduğu şirkət sürücü və avtomobil barədə məlumatları sistemə daxil etməklə müvafiq ödənişləri həyata keçirir və ödəmənin təsdiqinə dair elektron sənəd əldə edir. Bu sistem yük avtomobillərinin ölkəyə daxil olduğu zaman əlavə dayanmaların qarşısını almaqla, ödənişlərin bir nöqtədə toplanmasına imkan verir. Sistemin imkanları, həmçinin ölkəmizin beynəlxalq tranzit yükdaşımaları zamanı üstünlük verilən marşruta çevrilməsinə və proseslərin səmərəliliyinin artmasına şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
35 d. əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
39 d. əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
46 d. əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
- 48 d. əvvəl
-
2 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
2 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
2 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
3 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
Ən çox oxunanlar
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı

























