"Azərbaycan alüminiumu" ASC ləğv edilir
"Azərbaycan alüminiumu" ASC ləğv ediləcək.
Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.
Bununla bağlı Maliyyə Nazirliyinə "Azərbaycan alüminiumu"nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.
Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.
"Azərbaycan alüminiumu"nun aktivləri "Azəralüminium" MMC-nin balansına veriləcək. Nazirlər Kabineti müəssisənin kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" SC-ni idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 31 mart 2001-ci il tarixli sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi, eləcə də Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilmiş, müasir emal infrastrukturu qurulmuşdur.
Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.
Eyni zamanda, mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət−özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsi zəruridir.
Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Dövlət Proqramının “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsində əhatə olunmasını təmin etsin;
1.3. dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmasını, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunmasını təmin etsin;
1.4. Dövlət Proqramında “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulmasını təmin etsin:
1.4.1. elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması;
1.4.2. alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması;
1.5. Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsini təmin etsin;
1.6. metallurgiya məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın ödənilməsi ilə bağlı tədbirlər görsün;
1.7. bu Sərəncamın 1.4-cü bəndində nəzərdə tutulan layihələrin, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
1.8. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin:
1.8.1. aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsini təmin etsin;
1.8.2. kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görsün;
1.8.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görsün;
1.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin etsin.
4. Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
2 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
15 d. əvvəl
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
-
-
1 saat əvvəl
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
-
2 saat əvvəl
25 dərəcəyədək isti gözlənilir - Aprelin 2-ə olan hava proqnozu
-
2 saat əvvəl
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
Ən çox oxunanlar
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur
Azərbaycanın sığorta bazarı kiçilib
Aprel ayının hava proqnozu açıqlanıb
Mərkəzi Bank: Növbəti qərar sabah saat 11:00-da açıqlanacaq
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib


















