Mobil manşet üstü reklam-3_21

Xəzərdə balıqlar niyə azalır?

Su bioresurslarının yoxa çıxması ekosistem üçün ziyanlıdır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzərdə balıqlar niyə azalır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tilovuna balıq düşməyən balıqçılar bəxtlərindən tez-tez şikayətlənirlər. Balıq ovuna mütəmadi gedənlər və mütəxəssislər təsdiq edirlər ki, Xəzərdə və çaylarımızda balıq kasadlaşıb. Əvvəllər hər gün evinə vedrədolu balıqlarla qayıdanlar indi əliboş qalıblar... 

Respublikanın su hövzəsini Xəzər dənizi, Kür, Araz və digər çay, göl, buzlaq və yeraltı sular təşkil edir. Ölkəmizin əsas balıq ehtiyatları isə Xəzər dənizi və Kür çayındadır. Xəzərin ən qiymətli varlığı planetimizin qədim canlılarından hesab edilən nərə balığıdır. Dənizdə nərə balığının mövcud dünya ehtiyatının təxminən 85 faizi cəmləşib. Lakin nərəkimilərin ehtiyatı son 15-20  ildə kəskin azalaraq vətəgə əhəmiyyətini, demək olar ki, itirib. Monitorinqlərin nəticələrinə əsasən, ümumiyyətlə, balıq ehtiyatlarımız əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb. 

Əsas faktor Kür suyunun azalması və bəndlərin salınmasıdır

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizi hövzəsində 154, Xəzərin Azərbaycan sektorunda isə 100-ə qədər balıq növü yaşayır. Xəzərin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların sayı qənaətbəxşdir. Son vaxtlar kilkə balıqları ehtiyatının artması da müşahidə edilir. Həmin balıqların növbəti illərdə daha çox artacağı proqnozlaşdırılır. Adi çəki, kütüm, Xəzər külməsi, Şərq çapağı və şəmayı balıqları isə azalıb. Ən pis vəziyyət isə keçici və yarımkeçici balıqlarla bağlıdır ki, onlara nərəkimilər, qızıl balıq və daha çox yarımkeçici çəki balıqları daxildir. 

M.Axundov ölkəmizin balıq ehtiyatlarının azalma səbəblərindən də söz açıb.  Bildirib ki, azalmaya təsir göstərən faktorlar əsasən Kürün suyunun səviyyəsinin aşağı düşməsi, çayların ətrafında bəndlərin salınması və iqlim dəyişikliyidir. Anomal istilər də Xəzər regionunda biomüxtəlifliyin azalmasına səbəb olur. Ona görə də biomüxtəlifliyə dəyən ziyanı aradan qaldırmaq və balıqların təbii çoxalmasına şərait yaratmaq üçün Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmaq və su-elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmaq lazımdır.

"Kürdə suyun həcmi son 5 il ərzində mövsümdən asılı olmayaraq 45-50 faiz azalıb. Təbii ki, suyun həcmi az olan yerlərdə balıqların kürü töküb çoxalması mümkün deyil. Kürdən Xəzər dənizinə tökülən çay suyu nə qədər azdırsa, deməli, balıqların təbii artımı da bir o qədər az olacaq. Son zamanlar isə Kürün suyu Xəzərə, ümumiyyətlə, çatmır və dənizin suyu Kürə daxil olur. Belə olan halda kürütökmə dövründə xüsusilə keçici və yarımkeçici balıqlar çoxala bilmirlər. Onu da qeyd etmək lazımdır ki, bəzi balıq ehtiyatlarının azalması yalnız ölkəmiz üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvidir", - deyə o, əlavə edib.

Nərəkimilər itmə təhlükəsi ilə üz-üzədir

Ötən əsrin 80-ci illəri ilə müqayisədə nərəcinsli balıq ehtiyatları 30 dəfədən çox azalıb. Zoologiya İnstitutunun elmi işçisi Ənvər Cəlilovun dediyinə görə, Xəzər dənizi və Kür çayı xüsusilə nərəkimilərə aid olan bir çox qiymətli balıqları ilə məşhur olsa da, son illərdə həmin balıqların təbii bərpası, demək olar ki, dayanıb. Nərəkimilərin vaxtilə çoxalma yeri əsasən Kür və Volqa çayları olub. Ötən əsrin ortalarında həmin çayların üzərində bəndlərin tikilməsi nəticəsində nərəcinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Yol bağlandıqdan sonra nərəkimilər kürülərini başqa yerlərə tökməyə başlasalar da, həmin ərazilərdə münbit şərait olmadığına görə onların kürüləri sıradan çıxır.

Ə.Cəlilov bildirib ki, dövlət kompensasiya məqsədilə bir neçə balıqartırma zavodunu istifadəyə versə də, bunun effekti təbii artımla müqayisə edilə bilməz. Nəzərə almaq lazımdır ki, balıqların təbii əmələgəlməsi onların sağqalma ehtimalını artırır. Süni surətdə yetişdirilən balıqların isə çaya buraxıldıqdan sonra müəyyən qismi sağ qalır. Onlar ya yırtıcılar tərəfindən məhv edilir, ya da təbii şəraitə uyğunlaşa bilmədikləri üçün inkişaf etmirlər. Lakin balıqartırma zavodlarının faydalılığını da gözardı etmək olmaz. Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu hazırda əsasən həmin zavodların fəaliyyəti hesabına mümkündür. 

Mütəxəssisin sözlərinə görə, nərəkimilərin Xəzər dənizində tamamilə itməməsi üçün bir sıra digər tədbirlər də həyata keçirilir. Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirə bilmir. Həmin balıqlar yalnız süni çoxaltma və elmi tədqiqatlar üçün ovlana bilər. Nərəcinsli balıqların ehtiyatının azalmaması üçün kefal və siyənək ovlanan xüsusi torlardan istifadə də qadağan edilib. Çünki həmin tilovlar bir çox halda nərə balıqlarının körpələrini tora salır. Problem odur ki, nərəkimilərin sayı o qədər azdır ki, onların elmi məqsədlər üçün məhdud sayda ovlanması belə müşkülə çevrilib. Təcili tədbirlər görülməzsə, Xəzər dənizində nərəkimilər bir növ kimi sıradan çıxa bilər. 

Vətəgə əhəmiyyətli balıqların artırılması üçün xarici təcrübədən faydalanmaq olar

Ölkədə balıq ehtiyatlarının artırılması ilə onlarca müəssisə məşğul olur. Belə müəssisələr əsasən nərə, qızılbalıq, forel və çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Son 10 ildə həmin balıqartırma müəssisələri tərəfindən milyardlarla balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu, balıq ehtiyatlarının qorunub saxlanılması və xammal bazasının formalaşdırılması baxımından faydalıdır. Azərbaycanda balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı yerli və xarici metodlar tətbiq edilir. 

Ənvər Cəlilov qeyd edib ki, vətəgə əhəmiyyətli balıq ehtiyatlarının artırılması üçün yeni xarici təcrübələrin intensiv tətbiqi vacibdir. Misal üçün, Rusiyada süni balıqartırmanın effektivliyi üçün balıq körpələrini çaylara və dənizlərə bir qədər böyüdükdən sonra buraxırlar. Deyilənlərə görə, hələlik bunun effektivliyi çox hiss edilməsə də, növbəti mərhələlərdə daha aydın bilinəcək. Hesab edirəm ki, effektiv olacağı təqdirdə, həmin təcrübə ölkəmizdə də tətbiq edilə bilər.

Mütəxəssis əlavə edib ki, Türkiyə və xüsusilə Çində qəfəs təsərrüfatlarında nərə balıqları yetişdirilir. Xəzər dənizində də sahilə yaxın ərazilərdə qəfəs təsərrüfatları yaradaraq qiymətli balıqları çoxaltmaq mümkündür. Balaca çaylar və göllərdə isə qiymətli balıq ehtiyatları çox olmur. Belə sularda əsasən azqiymətli balıq növləri, çəkikimilər yetişdirmək mümkündür. İndiki halda süni göllərdə olan balıqçılıq təsərrüfatlarına üstünlük verildiyi üçün balaca çaylar və göllər diqqətdən kənarda qalıb. Yəni süni balıq yetişdirmək tez və ucuz başa gəldiyi üçün balaca çaylardan və göllərdən səmərəli istifadə edilmir.

Balıqçılar deyir ki, onların dənizdəki ən yaxın dostları balıqlardır. Balıq və digər su bioresurslarının azalması isə təkcə balıqçılar üçün deyil, bütün ekosistem üçün ziyanlıdır. Lakin görünən odur ki, balıq ehtiyatlarının azalmasına səbəb olan amillər kifayət qədər ciddidir. Ona görə də balıq ehtiyatlarının artırılması, yetişdirilməsi və bərpası istiqamətində yeni tədbirlərin görülməsi vacibdir. Əks halda məşhur "Qoca və dəniz" əsərinin qəhrəmanı qoca balıqçı kimi, 84 gün ard-arda balıq ovlamağa getsək də, əliboş qayıdacağıq.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Nəzrin QARDAŞXANOVA,

"Azərbaycan"

xəzər balıq
12.10.2022 07:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ