Tələbələrin yataqxana qayğısı bitmir - "Yataqxana probleminin həlli sadədir"
Problemin həlli yolları olsa da, ali məktəblərin heç bir təşəbbüsü yoxdurTələbəlik illəri ömrün şirin növrağıdır, özündə əbədi təəssüratları ehtiva edir: tələbə yoldaşları, müəllimlər, mühazirə otaqları və yeni arzuların doğulduğu tələbə yataqxanaları...
Bu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanmış 48 min 608 nəfər də tələbəlik həyatına qədəm qoyub. Sentyabrın 15-dən etibarən respublikanın bütün təhsil müəssisələrində tədris prosesinə start verilib. Təbii ki, ali məktəblərə bu il qəbul olunan və bölgələrdən gələn tələbələrin həll etməli olduqları əsas məsələlərdən biri də yaşayış yeri ilə bağlıdır. Ona görə də tədris prosesinin başlaması ilə əlaqədar universitetlərin nəzdində fəaliyyət göstərən tələbə yataqxanalarının ümumi sayı, məişət şəraiti və icarə haqqı mövzusu aktuallaşıb.
Tələbə sayı ilə tərs mütənasiblik
Mövzu ilə bağlı qısa araşdırma apardıq və aydın oldu ki, universitet yataqxanalarında yerlər son dərəcə məhduddur. Bəzi ali məktəblərin isə, ümumiyyətlə, yataqxanası yoxdur. Ona görə də tələbələr çıxış yolunu mənzil kirayələməkdə görürlər. Hər yeni tədris ilinin əvvəlində kirayə mənzil bazarında müşahidə edilən bahalaşma təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, kirayə mənzil qiymətləri bir çox hallarda tələbələrin büdcəsinə uyğun gəlmir.
Araşdırma zamanı dəqiqləşdirdik ki, ali təhsil müəssisələrinin yataqxanaları ümumi tələbatın təxminən 15 faizini ödəyir. Tələbə sayı ümumilikdə 20 minə yaxın olan Bakı Dövlət Universitetinin 220 nəfərlik, təxminən 18 min tələbəsi olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin isə müvafiq olaraq 320 və 240 nəfərlik yataqxanaları fəaliyyət göstərir. Bundan başqa, 10 mindən çox tələbənin təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanası 252, 6 mindən çox tələbəsi olan Azərbaycan Dillər Universitetinin yataqxanası təxminən 200, 6 minə yaxın tələbəsi olan Lənkəran Dövlət Universitetinin yataqxanası isə 153 nəfərlikdir. Yataqxanalarında 968 tələbənin yaşaya biləcəyi Azərbaycan Tibb Universitetində təxminən 7 min tələbə təhsil alır. Həmçinin Bakı Slavyan Universitetinin 600 nəfərlik, Bakı Mühəndislik Universitetinin 300 nəfərlik, Sumqayıt Dövlət Universitetinin 250 nəfərlik yataqxanaları da ümumi tələbatı ödəmir.
Mövcud vəziyyət təhsilin keyfiyyətinə mənfi təsir göstərir
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki, tələbələrin yaşayış yeri ilə bağlı çətinlikləri təhsilin səviyyəsinə ciddi şəkildə təsir göstərir:
"Təəssüf ki, yataqxana problemi uzun illərdir davam edir. Tələbəyə yaşayışı üçün normal şəraitin yaradılmaması onun potensialını ortaya qoymaq imkanlarını da məhdudlaşdırır. Açığı, yataqxana probleminin həlli sadədir. Bunun üçün universitetlərin müəyyən qədər muxtariyyət əldə edərək pul qazanmaları kifayətdir. Belə olan halda ali təhsil müəssisələri sərbəst formada müqavilə bağlayaraq yataqxana tikib tələbələrin istifadəsinə verə bilərlər. Hətta bəzi universitetlərin yataqxana tikdirmək üçün torpaq sahələri də var. Vaxtında fürsətləri dəyərləndirməyən digər ali məktəblər isə dövlətdən güzəştli şərtlərlə torpaq sahəsi ala bilərlər. İstənilən halda problemin qısa zamanda həlli labüddür, çünki mövcud vəziyyət təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Tələbələr mənzillərin kirayə qiymətləri baha olduğu üçün ciddi narahatlıq keçirirlər".
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da tələbələr üçün əlverişli mühitin yaradılmasının vacibliyini vurğulayıb. Onun dediyinə görə, universitet yataqxanalarının sayı az olduğu üçün ümumi tələbat ödənmir. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəldilib və bu istiqamətdə müəyyən addımlar atılır. Məsələn, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərə ikinci şansın verilməsi, universitetlərin tərkibində hazırlıq kurslarının yaradılması təhsilin əlçatanlığına xidmət edən addımlardır. Lakin abituriyentin universitetə qəbul olunması, müəyyən biliklər əldə etməsi əlçatanlığı tam təmin etmir. Keyfiyyətli təhsil alması üçün tələbəyə əlverişli şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sıralarda olma səbəblərindən biri də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərdikləri üçün tələbələr orada yataqxana, tıxac, kitab çatışmazlığı və s. problemlərlə üzləşmirlər. Yəni problemin həlli yollarından biri də kampusların tikilərək tələbələrin istifadəsinə verilməsidir.
Problemin həlli yollarından danışan K.Əsədov qeyd edib ki, bəzi universitet binalarının bölgələrə köçürülməsi bu baxımdan faydalı ola bilər. O vurğulayıb ki, iş adamları da aktivlik nümayiş etdirərək tələbələrin yataqxana probleminin qismən aradan qaldırılmasına kömək edə bilərlər.
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti də daxil olmaqla bir sıra ali təhsil müəssisələrinin yataqxanalarında keçmiş məcburi köçkünlər məskunlaşıblar. Lakin problemin kökündə bu amil dayanmır. Məcburi köçkünlər həmin binalarda məskunlaşmasaydılar da, yataqxanalardakı yer sayının azlığı göstərir ki, bu problem mövcud olacaqdı.
Sözsüz ki, problemin həlli üçün tələbə yataqxanalarının sayı artırılmalıdır. Bu, ali təhsilin əlçatanlığının artırılması baxımından vacib hesab edilir. Eyni zamanda yataqxana probleminin həlli gənclərin təhsilə təşviqinə şərait yarada, rəqabət mühitini artıra bilər. Görünən odur ki, əksər ali təhsil müəssisələri tələbələrin narahatlığına səbəb olan yataqxana probleminin həlli istiqamətində ciddi tədbirlər həyata keçirmir. Problemin həlli yolları olsa da, ali məktəblərin heç bir təşəbbüsü yoxdur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















