Azərbaycan və Polşa arasında "xam neft" razılaşması
19-21 dekabr 2016-cı il tarixində Polşanın paytaxtı Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. Energetika Nazirliyindən verilən xəbərə görə, iclas çərçivəsində komissiyanın hər iki tərəfdən həmsədrləri Azərbaycanın energetika naziri Natiq Əliyev və Polşanın baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən energetika naziri N. Əliyev müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında rolunu qiymətləndirərək, əlaqələrin genişlənməsi üçün bu səfərlərin zəmin yaratdığını vurğulayıb. Nazir əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün prioritet istiqamətləri dəyərləndirib və ölkəmizin iqtisadi potensialı, kənd təsərrüfatı, təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf istiqamətləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu haqqında iştirakçılara ətraflı məlumat verib.
M. Moravietski isə 2015-2016-cı illərdə ikitərəfli ticarət dövriyyəsinin vəziyyəti ilə bağlı çıxış edərək bildirib ki, 2015-ci ildə Polşa-Azərbaycan ticarət dövriyyəsi 135 mln. dollar, 2016-cı ilin yanvar-sentyabr aylarında isə 84 mln. dollar təşkil edib. O, Polşa-Azərbaycan arasında ticarət dövriyyəsinin qənaətbəxş səviyyədə olması üçün hər iki ölkədə həyata keçirilən layihələrdə iş adamlarının qarşılıqlı olaraq iştirakının vacibliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı qarşılıqlı əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi Azərbaycan iqtisadiyyatının dəniz sektorunun inkişafı, həmçinin dəmiryolu və şəhər nəqliyyat sisteminin, sənaye və rabitə üçün elektrik sisteminin təkmilləşdirilməsi, inşaat obyektlərinin tikintisi və təmiri, həmçinin abidələrin konservasiyası ilə bağlı sahələr qeyd edilib. “Baku Build 2017” beynəlxalq sərgisində Polşanın milli stendlə çıxış etməkdə maraqlı olduğu da bildirilib. Tədbirdə eyni zamanda Avropa İttifaqının onun şərq qonşuları ilə əməkdaşlığının əsas aləti kimi Şərq Tərəfdaşlığı siyasətinin əhəmiyyətindən bəhs edilərək, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq haqqında yeni sazişin imzalanmasının Polşa-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib. Bildirilib ki, Şərq Tərəfdaşlığı siyasətinin mühüm üzvü kimi, xüsusilə də nəqliyyat və enerji əlaqələrinin inkişafı sahəsində Azərbaycanın müstəsna rolu var. TRACECA, Avrasiya Neft Nəqli Dəhlizi, Cənubi Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi bunun bariz nümunələridir.
İclasın sonunda Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekun protokolu imzalanıb. Daha sonra Azərbaycan və Polşa iş adamlarının iştirakı ilə biznes görüşləri keçirilib. Biznes görüşlərin açılış mərasimində çıxış edən N. Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin çox olduğunu bildirib. O, Polşa şirkətlərini Azərbaycana dəvət edib. Tədbirdə Polşa-Azərbaycan biznes görüşlərinin iki ölkə arasında qarşılıqlı faydalı və səmərəli iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyi qeyd edilib. Komissiyanın iclası və biznes görüşlərində aparılan müzakirələrin və əldə edilən razılıqların mühüm bir qismi enerji sahəsində əməkdaşlığa dair olub. Beləki, SOCAR nümayəndələri “Sarmatiya” layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar. “SOCAR Trading” ilə Polşanın neft şirkəti olan “Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıq əldə edilib. Polşa tərəfi mineral ehtiyatların axtarılması və çıxarılması, mədən sektorunun firmalarının texnoloji əməkdaşlığından irəli gələn potensialın, həmçinin Polşa və Azərbaycanın elmi-tədqiqat və texniki institutları arasında əməkdaşlığın, o cümlədən dağ-mədən maşın və avadanlıqlarının çatdırılması və dağ-mədən müəssisələrinin işinin təhlükəsizliyini təmin edəcək avadanlıqla təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində maraqlı olduqlarını ifadə edib. Azərbaycan isə alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində müştərək biznes fəaliyyətini həyata keçirmək üçün iki ölkə tərəfindən stimullaşdırma, məlumat mübadiləsi və texnologiyaların bölüşməsi tədbirlərinin həyata keçirilməsi təklifi ilə çıxış edib.
Biznes görüşləri çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış ediblər. Nəqliyyat, kənd təsərrüfat, maliyyə-bank, turizm və sahibkarlığa dəstək sahəsində əməkdaşlığın inkişafına dair razılıqlar əldə olub. Qeyd edək ki, energetika naziri Natiq Əliyev Polşaya səfəri çərçivəsində həmçinin bu ölkənin energetika naziri Kşıştof Txujevski, Prezident Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin voyevodası Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası 15 dekabr 2014-cü ildə Bakı şəhərində keçirilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























