Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın Tədiyə balansı kəsir ilə qalmaqda davam edib

Azərbaycanın 1-ci yarımildə tədiyyə balansında 275 milyon dollar kəsir olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Tədiyə balansı kəsir ilə qalmaqda davam edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bank 2025-ci ilin 6 ayı üzrə Azərbaycanın Tədiyə balansını açıqlayıb.

Marja.az xəbər verir ki, 2025-ci ilin 6 ayında tədiyə balansında (ehtiyat aktivləri) 274.9 milyon dollarlıq kəsir yaranıb. 2024-cü ilin eyni dövründə tədiyyə balansında 648,1 milyon dollar profisit mövcud idi. 

Reklam_3_11

Tədiyə balansında (ehtiyat aktivləri) 2024-cü ilin yekununda 438.1 milyon dollarlıq, 2025-ci ilin ilk 3 ayında 413 milyon dollarlıq kəsir yaranmışdı.

Qeyd edək ki, ehtiyat aktivləri - Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. 

Cari əməliyyatlar balansının profisiti azalıb

Tədiyyə balansında qeyd edilib ki, 2025-ci ilin 6 ayında tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 2 milyard 317.4 milyon dollar həcmində profisit formalaşmış (2024-cü ilin eyni dövründə 2 milyard 625 milyon dollar), kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0.2 milyard dollar artmışdır. Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6.3% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 274.9 milyon dollar azalmışdır. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 milyard dollar artaraq 77.7 milyard dollara çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 70.7 dollar/barel olmuşdur.

İş elanları AzVak.az-da

Tədiyyə balansında bildirilir:

2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd.$ və ya ÜDM-in 6.3%- ni təşkil etmişdir (2024-cü ilin 6 ayı üzrə 2.6 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 5.5% artaraq 7.3 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 15.9% artaraq 5.0 mlrd.$ məbləğində olmuşdur.

Xarici ticarət balansı

2025-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 20.3 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 9.4 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 5.3 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 4.1 mlrd.$ həcmində profisit yaranmışdır. 2025-ci ilin 6 ayında Azərbaycanın dünyanın 170 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.7%-i MDB üzvü olan ölkələrin, 87.3%-i isə digər xarici ölkələrin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 1.0% azalaraq 12.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 10.5 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (10.5 mlrd.$) 6.5 mlrd.$-ı xam neftin, 3.7 mlrd.$-ı təbii qazın, 0.3 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunmuşdur. Nəticədə qeyri-neft-qaz ixracı 7.6% artaraq 1.7 mlrd.$ təşkil etmişdir.

Əmtəə idxalı

2025-ci ilin 6 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 4.3% artaraq 8.1 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 3.4 mlrd.$ olmuş, bunun da 1.2 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 5.5% artaraq 7.0 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: tərəvəz məhsullarının (47.4%); minik avtomobillərinin (26.7%); bitki yağlarının (24.9%); alkoqollu və alkoqolsuz içkilərin (24.0%); dənli bitkilərin (22.2%); elektrik maşınlar və aparaturanın (16.0%); ətir və kosmetik vasitələrin (11.6%); kərə yağının (9.1%); şəkərin (7.0%); mebel mallarının (4.8%); əczaçılıq məhsullarının (4.6%); tütün və tütün məhsullarının (4.4%); qazanlar, avadanlıq, mexaniki qurğuların (4.0%); kağız məmulatlarının (3.9%); daxiliyanma mühərriklərinin (3.2%) və traktorların (2.8%) idxalı artmışdır. Bu dövrdə qeyri-neft-qaz idxalının strukturunda: gəmilər, qayıqlar və üzən konstruksiyaların (52.5%); mexaniki kürək və ekskavatorların (44.0%); hesablama maşınlarının (39.5%); kommutasiya qurğularının (38.5%); yük avtomobillərinin (28.8%); kran, klapan, boru kəməri armaturlarının (14.2%); daş və şüşə məmulatlarının (7.2%); metalların (6.6%); sabun və yuyucu vasitələrin (5.6%) və ağac məmulatlarının (4.8%) idxalı isə azalmışdır.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.3% təşkil edərək 0.3 mlrd.$ olmuşdur

Xidmətlər balansı

2025-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.3 mlrd.$-ı təşkil etmişdir. Bunun 5.2 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 5.7% azalaraq 1.1 mlrd.$ olmuşdur. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 705.2 mln.$ olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 342.9 mln.$ olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 27.9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.6 mlrd.$ olan nəqliyyat xidmətlərinin 66.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.7 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 866.1 mln.$ təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 29.5% artmış, idxalı isə 7.0% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 53.0% artaraq 856.4 mln.$ olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 6 ayında 559.8 mln.$-ı təşkil etmişdir.

2025-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 mln.$) idxalı (752.1 mln.$) üstələməsi nəticəsində 194.3 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 752.1 mln.$ olmuşdur. Bunun 77.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.0 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 32.7% artaraq 1.1 mlrd.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.4 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.3 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 12.3% azalaraq 1.1 mlrd.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.8 mlrd.$ olmuşdur. Bunun 64.2%-ini 2.4 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (1.6 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.5 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (126.4 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (245.5 mln.$) və digər ödənişlər ( 426.0 mln.$) təşkil etmişdir. Məlumat üçün qeyd edək ki, digər ödənişlərin böyük hissəsi (301.5 mln.$) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınmışdır.  

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 0.9 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 590.6 mln.$, ödənişlər isə 308.4 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 4.9%-ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 6.0% daralaraq 534.0 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 8.3% azalaraq 238.2 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 295.8 mln.$ müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 282.2 mln.$ (17.8% azalma) təşkil etmişdir.

KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI 

2025-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3.0 mlrd.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.5 mlrd.$), portfel investisiyaları (1.0 mlrd.$) və digər investisiyalar (1.5 mlrd.$) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 230.0 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195.8 mln.$), neft bonusu (450.2 mln.$), portfel investisiyaları (-24.9 mln.$) və digər investisiyalar (0.5 mln.$) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar

Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516.3 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 195.8 mln.$ azalmışdır.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.3 mlrd.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 712.1 mln.$ kəsir yaranmışdır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.2% təşkil etmişdir.

2025-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-652.2 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 488.6 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140.8 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 25.4% artaraq 733.9 mln.$ olmuşdur ki, bunun da bir hissəsi (240.4 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olmuşdur.

Portfel investisiyaları

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 24.9 mln.$ azalmışdır.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (19.3 mln.$) sektorunun, bankların (739.9 mln.$) və digər (206.9 mln.$) sektorların hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (18.7 mln.$) hesabına azalmışdır.

Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 min $) və digər (6.0 mln.$) sektorların hesabına artmış, dövlət (30.9 mln.$) sektorunun hesabına isə azalmışdır.

Neft bonusu

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2025-ci ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.

Digər investisiyalar

Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 1.5 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.5 mln.$ artmışdır.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 3.4 mln.$, xalis maliyyə öhdəlikləri isə 312.7 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (303.4 mln.$) sektorunun, neft-qaz sektorunun kreditləri (340.0 mln.$) və müəssisələrin kreditləri (42.2 mln.$) hesabına artmış, dövlət kreditləri (209.3 mln.$) və dövlət zəmanətli kreditlər (163.6 mln.$) hesabına isə azalmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.5 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 291.2 mln.$ azalmışdır.

EHTİYAT AKTİVLƏRİ

2025-ci ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 274.9 mln.$2 azalmışdır. Bütövlükdə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 mlrd.$ artaraq 77.7 mlrd.$-a çatmışdır. 

XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar müsbət 169.0 mln.$ həcmində olmuşdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

MərkəziBank TədiyəBalansı 2025-ciİl ehtiyataktivləri kəsir profisit cariəməliyyatlarbalansı kapitalvəmaliyyəninhərəkəti stratejivalyutaehtiyatları ÜDM makroiqtisadisabitlik xaricimaliyyəaktivləri maliyyəöhdəlikləri xamnəht neftqiyməti qlobaləmtaəbazarı xidmətbazarı maliyyəbazarı valyutabazarı stratejiaktivlər
17.09.2025 11:16
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18